#Qurbanmırat Nepesov
Explore tagged Tumblr posts
caviddivac · 8 years ago
Text
Erməni “Şəhidlər Xiyabanı”nda yeganə müsəlman qəbri
  Ermənilərin “Şəhidlər Xiyabanı” sayılan Yerablur hərbi memorial qəbirstanlığı paytaxt İrəvanın şəhərətrafı ərazisində Zvartnots beynəlxalq hava limanına gedən yolun yaxınlığında təpə üzərində yerləşir. Azərbaycanca “Üç təpə “ mənasına gələn Yerablur qəbirstanlığı ilk sakinlərini 1988-ci ildə Dağlıq Qarabağ münaqişəsinin alovlandığı ilk vaxtlardan qəbul etməyə başlayıb.
  Sonralar bu qəbirstanlığa Andranik kimi erməni milli qəhrəmanlarının qəbirləri köçürülüb təkrarən basdırılsa da, qəbirstanlıq Qarabağ müharibəsində həlak olanların dəfn olunduğu qəbirstanlıq kimi tanınır. Ümumilikdə 741 məzar olan qəbirstanlıqda yeganə türksoylu müsəlman qəbri isə ölümündən 4 ay sonra həmin məzarlıqda dəfn edilən türkmən Qurbanmurad Bazarbay oğlu Nəfəsovun (rus. Гурбанмырат Непесов Базарбаевич) qəbridir.
Tumblr media
Qurbanmırat Nepesovun Yerablurdakı məzarı (1969-1992)                       © gerezman.com
  1969-cu ildə Türkmənistanda anadan olan Nepesov Qurbanmıratın alın yazısında bəlkə də Ermənistan-Azərbaycan münaqişəsində həlak olmaq yox idi, amma tale elə gətirir ki, Qurbanmırat birbaşa bu iki qonşu Qafqaz ölkəsinin cırışmasında iştirak etməli olur. Bu müharibədə tərəf tutmaq üçün isə etnik, dini identifikasiyasına yox, mənəvi səbəblərinə əsaslanan türkmənin Qarabağ yolu Sovet ordusu tərkibində Əfqanıstana yollanması ilə başlayır.
  Boz dağlar ölkəsində ağır yaralanan gənc Nepesov ölüm ayağındadır, ona qan lazım olur. Elə bu anda köməyə gələn erməni döyüş yoldaşı onun həyatını xilas edir. Bu donorluq fəaliyyəti ilə ona donorluq etmiş erməninin sonradan həlak olması Nepesova güclü mənəvi təsir bağışlayır, bununla da o, özünü bir neçə ildən sonra daha bir müharibə ocağında - Qarabağda tapır. 
  Qarabağ müharibəsinə kimi isə o, Sovet ordusu Əfqanıstanı tərk edəndən sonrakı hərbi xidmətinin qalanını Ermənistanda çəkir. Elə bu ərəfələrdə də Mavərayi-Qafqazda ara qarışır, məlum erməni-Azərbaycan münaqişəsi başlayır. Və beləliklə də türkmən Qurbanmırat öz mənəvi borcunu ödəməyi Ermənistanda qalıb Qarabağ müharibəsində erməni tərəfdə vuruşmaqda görür.
  Bunun üçün 1991-ci ildə Volodya Matevosyanın yaratdığı könüllülərdən ibarət “Vahan Ata” dəstəsinə ilk qoşulanlardan biri olur. Çoxmillətli dəstə kimi tanınan “Vahan Ata” könüllü dəstəsinin tərkibində sözügedən türkmənlə yanaşı ruslar, yunanlar, assuriyalılar, yezidi kürdlər də var idi.
  Volodya Matevosyanın bildirdiyinə görə ilk vaxtlar türkmənə inanmayıblar, bunun üçün, hətta türkməni kəşfiyyata göndərib onu izləməyi üçün arxasınca başqa bir adam da göndəriblər. Lakin özünü doğrultmağı bacaran türkmən bu sınaqdan üzü ağ çıxıb. Döyüş yoldaşlarının inamını qazanan Nesepov tez-tez kəşfiyyata göndərilir. Hətta ermənilər arasında “Basmaçı”*, “Türkmən” ləqəbləriylə tanınır. Sonralar onun ləqəbi qəbri üstündəki başdaşında da həkk olunur: Բասմաչ (azərb. Basmaçı).                   
Tumblr media
Volodya Matevosyan “Basmaçı”nın qəbri üstdə
başdaşıda: Բասմաչ (azərb. Basmaçı)
  Matevosyanın yadında qalan Qurbanmıratın kəşfiyyatlarından biri də 1992-ci ilin aprel ayında Kəlbəcərin dağ kəndi Ağdabandan gətirdiyi kəşfiyyat məlumatıdır: Basmaçı burada azərbaycanlıların tank batalyonunun yerləşdiyini bildirir. Bu kənd ermənilər üçün stratejik əhəmiyyətə malik olduğundan (bu mövqedən Ağdərədəki erməni mövqeləri atəşə tutulurdu) tez bir zamanda hücum etmək qərara alınır və beləliklə bu hücumda Azərbaycan ordusu 6 tankını itiririr, kənd işğal olunur.
  Döyüş yoldaşları tərəfindən haqqında “böyük tankçı, yaxşı oğlan, əsl qəhrəman” kimi danışılan Türkmənin Qarabağ macərası çox çəkmir. 1992-ci ilin dekabr ayının 13-də həyatına son qoyulan türkmənin meyidi İrəvana aparılır, lakin buradan onu vətəni Aşqabada - Türkmənistana yola salmaq həmin dövrə görə problemli olduğundan düz dörd ay morqda qalır. Sonda onu ermənilər üçün “Şəhidlər Xiyabanı” sayılan Yerablurda basdırmaq qərara alınır. Lakin bu gecikdirilmə təkcə karqo probleminə görə yox, həm də onun müsəlman hesab edilməsinə görə belə uzun çəkir. Döyüş yoldaşı Qraat Mxitaryanın bildirdiyinə görə həmin vaxt Ermənistan Müdafiə Naziri olan Vazgen Sarkisyan ilk əvvəl müsəlman olan şəxsin Yerablurda basdırılmasını narazı qarşılayıb şübhəylə yanaşsa da sonradan razılıq verilib və beləcə türkmən Qurbanmırat Bazarbaeviç Nepesov Yerablur panteonunda basdırılmış ilk və tək müsəlman olur.
 Qurbanmırat haqqında danışan könüllülərdən ibarət keçmiş “Vahan Ata” dəstəsinin komandiri Volodya Matevosyan Qurbanmıratın bir erməni qızını sevdiyini, onunla evlənmək istədiyini də qeyd edir, hər ilin dekabr ayının 13-də Türkmənin məzarını ona “burada yad adam yoxdur” demək üçün digər döyüş yoldaşları ilə birgə ziyarət etdiyini də bildirir.
*Basmaçı - 1916-1934-cü illər aralığında Rus, Sovet hakimiyyətinə qarşı Mərkəzi Asiyada yaranmış hərbi-siyasi partizan müqavimət hərəkatı.
İstifadə etdiyim mənbələr:
1. Ankakh.com’da Volodya Matevosyanın müsahibəsi;
2. Voskanap.info’da Qurbamırat Nepesov haqda “Басмач” adlı məqalə;
3. Henaran.am’da “Yerablurda basdırılmış yeganə müsəlman” adlı yazı.
tarix: 27/06/2017
0 notes